İran hakimiyyəti Azərbaycanla danışıqlar masasına qayıtmaq istəyir

19:45 - 1 Noyabr 2022

İran hakimiyyəti Azərbaycanla danışıqlar masasına qayıtmaq istəyir

Tehranın Bakı ilə təzyiq və təhdid dili ilə danışmaq siyasəti növbəti dəfə nəticəsiz qaldı.

 

Azərbaycan və İran arasında gərginlik davam etsə də, son günlər müəyyən səngimə var. İranın Azərbaycanla sərhəddə son bir ildə ikinci hərbi təlimi keçirməsi Bakıdan çox ciddi təpkiyə səbəb olub. Rəsmi dövlət mediası açıq şəkildə İran əleyhinə kampaniya başlayıb və bu da vəziyyəti bir qədər də gərginləşdirib. 

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Qafan şəhərində İran Baş konsulluğun açılışında söylədiyi “İran Ermənistanın və bütün regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir” sözləri də Azərbaycanda çox ciddi etirazlara səbəb oldu. Nüfuzlu din xadimləri bu bəyanatı pislədilər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İranı hərəkətlərini, xüsusən də Abdullahianın açıqlamasını sərt şəkildə tənqid edən bəyanatla çıxış etdi. 

Ancaq belə görünür ki, XİN başçısının Qafandakı sözləri İranda da birmənalı qarşılanmayıb. Çünki ötən həftənin cümə günü Ərdəbil şəhərinin imam-cüməsi və dini liderin bu vilayətdəki təmsilçisi Ayətullah Seyid Həsən Amili “Azərbaycanın uğurları bizim uğurumuzdur, güclü Azərbaycan isə arzumuzdur” dedi. Aydın məsələdir ki, Amilinin indiyə qədər deyil, məhz indi danışması məlum açıqlamanın doğurduğu mənfi təsirlə bağlıdır. 

Həmçinin Ərdəbilin imam-cüməsi hər iki ölkəni dialoqa çağırması Tehrandan gələn işarə kimi də yozula bilər. 

Məhz bu açıqlamadan iki gün sonra, oktyabrın 30-da Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutdu. Rəsmi açıqlamaya görə, nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Həmçinin söhbət zamanı Abdullahian İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcəyini bildirib. Məhəmməd Baqir Qalibafın Bakıya gəliş tarixini açıqlamayan İran XİN rəhbəri səfərin iki ölkənin əlaqələrinin inkişafında müsbət rol oynayacağını qeyd edib.

Bu gün isə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Mövlud Çavuşoglu arasında telefon danışığı baş tutub. İran XİN-nin yaydığı məlumatda qeyd olunur ki, nazirlər ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Türkiyənin xarici işlər naziri İran və Azərbaycan arasında danışıqlar prosesini bir daha alqışlayıb. O vurğulayıb ki, hər iki ölkə Türkiyənin dostudur və İranla Azərbaycan arasındakı dostluq onları sevindirir.

Açıqlamadan belə anlaşılır ki, Türkiyənin də dəstəyi ilə iki ölkə arasında yumşalma prosesi başlayacaq. Və ya bu proses artıq başlayıb. Qalibaf parlamentin spikeri olmaqla yanaşı mühafizəkar dairələri və ordunu təmsil edir. Güman ki, Bakıya xüsusi təkliflərlə və barışıq üçün gələcək. 

Əlbəttə, vəziyyətin sürətli dəyişməsi mümkün olmasa da, son hadisələr iki ölkə arasında gərginliyin pik nöqtəsi oldu. İran nümayişkaranə surətdə Azərbaycanı hərbi güclə təhdid etdi, Azərbaycan isə buna qarşı yumşaq güc silahlını ortaya qoydu. Və nəticədə iki ölkə münasibətlərində heç zaman olmamış dərin çat və düşmənçilik yarandı. Tehranın Bakıya qarşı təhdid dili   nəticə vermədi, əksinə, Azərbaycan hakimiyyətinin başlatdığı total siyasi kampaniya Tehranı çıxılmaz vəziyyətə saldı. Başqa sözlə, Tehran Bakı ilə  diplomatik dueli uduzdu. Buna görə də yenidən əvvələ - masaya qayıtmağa qərar verdi. Lakin baş verənlər həm də iki ölkə arasında etimad, eləcə də sülhsevər qonşuluq münasibətlərini kökündən zədələdi. İran elitasının Azərbaycana qarşı “Ermənistan kartı” ilə çıxış etməsi onun bağışlanmaz xətası idi və nəticədə qonşu müsəlman ölkə kimi imici ciddi zərbə almış oldu.

Ümumilikdə son illərdə İranın Cənubi Qafqaz siyasəti ilə bağlı hərbi və siyasi elita arasında yanaşma fərqi üzə çıxır. Bu da nəticə etibarı ilə Tehranın siyasətində ikiləşməyə və bəzən də bu kimi ciddi problemlərə səbəb olur. Həm keçən ilin sonlarında, həm də builki Azərbaycan-İran gərginliyi zamanı Tehranın Bakıya qarşı təzyiq siyasəti nəticə vermədi, əksinə, ötən ilin dekabrında İran XİN başçısının Moskvadan Azərbaycana qarşı dəstək almaq cəhdinin uğursuzluğa düçar olması onu göstərdi ki, İranın Azərbaycana qarşı təhdid siyasəti uğursuzluğa məhkumdur. 

Bu il isə Tehran rəsmiləri Azərbaycanla münasibətlərdə daha ciddi səhvə yol verərək erməni kartına əl atdılar. İranın Azərbaycana təzyiq vasitəsi kimi Ermənistandan istifadə etməsi rəsmi Tehranın müsəlman ölkə kimi imicini ciddi şəkildə zədələyir. Ərdəbil imam-cüməsinin düzəlişi də məhz buna xidmət edirdi. 

Ermənistana gəlincə, bu ölkənin İran üçün nə qədər faydalı və tərəfdaş olacağı sual altındadır. Ermənistan baş nazirinin Soçidən dərhal sonra Tehrana uçması İrəvanın Tehrana çox ehtiyacı olduğunu nümayiş etdirir. Lakin Paşinyan Ermənistanı Azərbaycana qarşı təzyiq vasitəsi ola bilməyəcək. Hətta Rusiya üçün başağrısına çevrilən Paşinyan hakimiyyətinin Tehran üçün faydalı olacağı gülüncdür. Paşinyanın Tehrana səfəri isə indiki halda Bakıya qarşı acıq verməkdən başqa bir işə yaramayacaq.

Musavat.com


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin