“Mehriban Xanlarova ilə yenidən quda olmaq alnıma yazılıb...” - Həmidə Ömərova

18:33 - 8 Aprel 2023

“Mehriban Xanlarova ilə yenidən quda olmaq alnıma yazılıb...” - Həmidə Ömərova

Fevral ayında təqdimatı baş tutan "Evdə qalmış" filmini tamaşaçılar bu gün də sevərək kinoteatrlarda izləyirlər. Özü də həm böyük, həm də azyaşlı tamaşaçılar. Niyə də izləməsin? Film tərəddüd belə etmədən ailə üzvləri ilə birgə baxılası filmdir. Çünki nə artıq-əskik sözlər, nə də ki, qəhrəmanların dilindən işlədilən kobud söyüş var. Dünən dostum, peşəkar rejissor, senarist Valeh Əhmədovun dəvəti ilə ilk dəfə izlədim və bu qənaətə gəldim ki, bizdə film çəkən rejissor da, keyfiyyətli filmi izləyən tamaşaçı da var. Yetər ki, həvəsli olasan və ilk növbədə qarşına məqsəd kimi filmdən pul qazanmağı deyil, tamaşaçıların zövqünü oxşamağı qoyasan. Görünür ki, yaradıcı heyət bu kriteriyalara əməl etmişdi. Filmin ilk dəqiqələrindən etibarən həqiqətən də həm aktyorlar, həm də yaradıcı və texniki heyətin əziyyəti duyulurdu. Bir sözlə aktyorlar tamaşaçıların üzündə əsl gülüş yaratmağı bacardılar. Mövzu belə idi ki, əsl sevgi axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə evlənməlidir. Özü də çıxış yolu yoxdur, 30 yaşına kimi bu "iş" həll olunmalıdır. Filmdə xalq artisti Həmidə Ömərova, əməkdar artist Mehriban Xanlarova, Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb. Hər zaman dramatik və ciddi obrazlarda görməyə alışdığımız sevilən aktrisa Həmidə Ömərovanı komik bir filmdə, yarı komik, yarı ciddi obrazda görmək həqiqətən də məni sevindirdi.

 

Manset.az xəbər verir ki, aktrisa moderator.az-a açıqlamasında obrazını özünün də çox sevdiyini bildirib.

"Bu film tamaşaçılar tərəfindən həqiqətən də sevilir. Hara gedirəmsə filmin maraqlı olmasından danışırlar. Başda filmin ssenari müəllifi və quruluşcu rejissoru Valeh Əhmədov olmaqla həqiqətən də gözəl yaradıcı kollektivlə çalışdım. Bir nəfəsə çəkilirdik. Həm istirahət edirdik, həm də ssenaridəki mühiti, ab-havanı yaratdıq. Hazır işə baxandan sonra sevindim ki, gözəl bir film alınıb. Həm tamaşaçını güldürür, həm düşündürür, onu narahat edən probleminə, suallarına cavab verməyə çalışır. Gənclərlə yanaşı Mehriban Xanlarova və Rüstəm Rüstəmovla da birlikdə çəkildim. Mehriban Xanlarova ilə quda obrazını oynadıq. "Ata ocağı" serialında da quda idik, bu filmdə də quda olduq. Bir növ onunla quda olmaq alnıma yazılıb. Filmdə müxtəlif xarakterlər var və hər bir obrazın da öz xarakteri, xüsusiyyəti var. Bu da həm komediyanın lirik, həm də canlı alınmasında böyük rol oynayıb" deyə aktrisa bildirib.

Filmin quruluşcu rejissoru və ssenari müəllifi Valeh Əhmədov deyib ki, "Evdə qalmış" filmi bütün yaş təbəqələri üçün nəzərdə tutulub.

"Burada biz anaların da, valideynlərin də hisslərini, narahat olduqları mövzuları nəzərə almışıq. Bəzən aidiyyatı oldu-olmadı insanlar gənclərə bu sualı verirlər ki, "Niyə tərpənmirsən? Nə vaxt evlənəcəksən? Burada həm dünya filminə, həm də retro filmlərimizə göndərmələr var. Bölgələrimizə, bölgələrimizin turizminə səyahət var. Həm də bizim üçün qürur və fəxr hisslərindən biri də filmdə dünya şöhrətli sənətkarımız Alim Qasımovun mahnısından istifadə etməyimizdir. Biz çalışırıq ki, hər filmimizdə klassik musiqilərimizi yad edək. Ona görə də Rəşid Behbudov, Nərminə Məmmədova və s. sənətkarlarımızın mahnılarından istifadə edirik. Filmi izləyənlər çox bəyəndiklərini və filmin bayağı olmadığını vurğulayırlar. Bu da bizi hədsiz sevindirir. Orada gülüş xətrinə müəyyən ifadələr işlədilir, amma çərçivəni də aşmırıq. "Evdə qalmış" filmi həm də bəzi fikirləri alt-üst edir. "Bizim filmlərimiz nə olacaq?", "bizdə film çəkə bilmirlər" deyən insanlar gəlib filmi izləyir və bildirirlər ki, "mən bura ürəksiz gəlmişdim, amma tam başqa bir iş gördüm". Çətini kinoteatra gəlincədir. Dünən filmi izləyən qonaqların çoxu qeyd etdi ki, orada bir cümlə var idi ki, "pulla alınan sədaqət, ondan daha yaxşı təklif gələnə qədər keçərlidir". Filmdə maraqlı replikalar, cümlələr, mesajlar, duyğular var" deyə rejissor bildirib.

Qeyd edək ki, film "Park Cinema" kinoteatrlar şəbəkəsində nümayiş etdirilir. Siz də ürəkdən gülmək istəyirsinizsə filmi izləməyə tələsin.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin