Ölkəmizdə elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarının rolu və əhəmiyyəti

09:18 - 7 İyul 2023

Ölkəmizdə elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarının rolu və əhəmiyyəti

Hər bir ölkənin gücü onun elmi, təhsili və mədəniyyətinin səviyyəsi ilə bilavasitə bağlıdır. Xüsusilə də təhsil dövlətin gələcəyi və güclənməsi baxımından ən vacib faktorlardan biridir. Dövlətimiz hər bir sahənin inkişafı üçün bütün istiqamətlərdə mühim addımlar atır. Amma buna baxmayaraq elmi-kütləvi, mədəni-maarif və təhsil sahəsində təkmilləşməyə böyük ehtiyac var. Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, həmçinin, elmi-kütləvi, mədəni-maarif sahəsində müəyyən addımların atılması zərurəti artır.

Bəs, təhsil sahəsində inkişafa nail olmaq üçün hansı proqramlar hazırlanmalıdır? Beynəlxalq təcrübələrdən hansıları ölkədə tətbiq edə bilərik? Həmçinin, elmi-kütləvi və mədəni-maarif sahəsində hansı işlər görülməlidir?

Mövzu ilə bağlı Manset.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ölkəmizdə hazırda elmi-kütləvi, mədəni maarif və təhsil proqramları istiqamətində inkişaf istədiyimiz səviyyədə deyil.

Elm və Təhsil Nazirliyində yeyinti faktları: Bu tenderə ehtiyac var? - Təhsil  eksperti - Editor.az

Elçin Əfəndinin sözlərinə görə, bu məsələdə daha çox məsuliyyət Elm və Təhsil Nazirliyi, Audioviziual Şuranın, həmçinin, Mədəniyyət Nazirliyinin üzərinə düşür. Bu qurumlar qeyd olunan istiqamətdə müştərək proqramların hazırlanması, onların təbliğatı və təşviqi ilə məşğul olmalıdır:

“Dövlət elmi-kütləvi və mədəni-maarif sahəsində addımlar atır. Amma yenə də çatışmayan tərəflər var. Bu çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlar ciddi və əməli işlər görməlidir. Müasir dövrdə təhsil proqramlarının araşdırılması, daha çox inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi və tətbiq olunması daha məqsədə uyğundur. Hazırda informasiya texnologiyaları əsrində yaşayırıq. İnformasiya texnologiyaları hər gün inkişaf edir. Texnologiyanın sürətli inkişafı müasir dünyanı, o cümlədən Azərbaycanı çağırışlara dərhal cavab verməyə səsləyir.

Bu gün Azərbaycanda fəaliyyət göstərən orta ümümtəhsil müəssisələrində dərslər kurikulum təhsil proqramı əsasında keçirilir. Ali təhsil və orta ixtisas təhsil müəssisələri isə boloniya sisteminə əsaslanır. Bu yaxınlarda Elmlər Akademiyasının bir sıra qurumlarının Elm və Təhsil Nazirliyi tabeliyinə verilməsi bu istiqamətdə işlərin görülməsinin zəruri olduğunu göstərir. Bizdə elmi-kütləvi tədbirlər demək olar ki, çox az keçirilir”.

Ekspert bildirir ki, Texnofest festivalının keçirilməsini elmi-kütləvi bir tədbir kimi qeyd edə bilərik:

“Lakin biz bunu hər il, davamlı olaraq təşkil etməliyik. Bura alimlərimiz dəvət olunmalı, müxtəlif universitetlərin və məktəblərin elmi işləri, layihələri orda önə çıxarılmalıdır. Eyni zamanda biz bu işləri beynəlxalq səviyyədə də aparmalıyıq. Beynəlxalq yarışmalarda azərbaycanlı alimlər, məktəblilər, tələbələr iştirak etməlidir. Azərbaycanın bütün sahələrdə elmi, iqtisadi, hərbi istehsalat məhsulları orda təqdim olunmalıdır”.

Elçin Əfəndi qeyd edib ki, televiziyaların daha çox şou istiqamətində inkişafı mədəni-maarif sahəsinin geri qalmasına səbəb olub:

“Mədəni-maarif proqramları sahəsində çatışmayan tərəflər daha çoxdur. Çünki hazırda ölkəmizdə mədəni-maarif istiqamətində müəyyən tədbirlərin keçirilməsində sanki nəsə çatışmazlıq var. Buna kütləvi imformasiya vasitələrini, televiziyanı misal gətirə bilərik. Bu gün televizyalarımız daha çox şou istiqamətində inkişaf var. Mədəniyyət televiziyası istisna olmaqla televiziyalarda mədəni-maarifə həsr olunan verilişləri təsadüfi hallarda görə bilirik. Lakin 44 günlük müharibədən sonra bu istiqamətdə artıq müəyyən işlər görülməyə başlayıb. Məsələn Şuşada “Xarı Bülbül” festivalı, ya da “Vaqif Poeziya Günləri”nin keçirilməsi elmi, mədəni-maarif istiqamətində atılan addımlardır”.

Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev Manset.az-a bildirib ki, təhsilin keyfiyyət səviyyəsi müəyyənləşməli, valideyn müəllim münasibətləri, keyfiyyətli müəllim standartları və səriştəli valideyn layihəsi üzərində ciddi işlər görülməlidir:

Deputat və ekspertdən buraxılış imtahanları ilə bağlı DİM-ə ÇAĞIRIŞ

“Hər keçən onillikdə biliyin statusu dəyişir. Təhsildə çox ciddi problemlərimiz var və bunlar yığılıb qalmaqdadır. İndi bilik mütləq tətbiq olunmalıdır ki, insan kapitalına çevrilsin. Ona görə də bu istiqamətdə Azərbaycanda tədqiqatların aparılması həddindən artıq vacibdir. Beynəlxalq şagird nailiyyətlərinin qiymətləndirilməsində virnus proqramında hər zaman geridə qalırıq. Axrıncı dəfə Pisa proqramında 2018-ci ildə iştirak etmişik və 62-ci yerdə olmuşuq. İbtidai təhsili bitirən uşaqların mətni anlamaq istiqamətində biliklərinin inkişafının qiymətləndirilməsi üzrə geri qalmışıq. Bu istiqamətdə çox ciddi işlər aparılmalı və proqramlar tərtib olunmalıdır. Dünyada adını çəkdiyim tədqiqatların toplandığı kitablar var. O kitabların dilimizə tərcümə olunması həddindən artıq maraq kəsb edə bilər”.

Etibar Əliyevin fikrincə, elmin populyarlaşdırılması istiqamətində layihələrin işlənməsi olduqca vacibdir:

“İndi biz informasiya əsrində yaşayırıq. Elm və təhsil sahəsində bir portal yaradılmalı və onlar arasında rəqabət təmin olunmalıdır. Elmi saytların yaradılması həddindən artıq vacibdir. Yeni məzmun istiqamətində addımlamalıyıq. Azərbaycan universitetlərin Boloniya sistemi tətbiq olunur. Boloniya bəyannaməsinin bizim üçün hansı tərəfinin vacib olmasına diqqət yetirilməlidir. Akkreditasiya məsələləri, təhsilin keyfiyyətinin qiymətləndirilməsi, tələbə-müəllim mobilliyi də mühim məsələlərdən biridir. Bütün dünyada belə hesab edirlər ki, təhsilin əsas pilləsi və uşaqların idrakı təfəkkürü məhz ibtidai təhsil zamanı formalaşır. Peşə təhsili inkişaf etməlidir. Artıq bütün dünyada yeni peşə atlasları yaranıb. O atlaslara hansı peşələr daxildir və biz bunun hansı istiqamətini götürə bilərik onu aydınlaşdırmalıyıq”.

Təhsil eksperti Kamran Əsədova görə isə cəmiyyətin səviyyəsi necədirsə, təhsilin səviyyəsi də ona uyğun dəyişir və yenilənir:

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

“Təhsilin əsas məqsədi öz-özlüyündə bilik əldə etməkdən daha çox, qlobal kapitalizmin tələbatını ödəmək üçün lazım olan bacarıqlar əldə etməyə xidmət edir. Təhsil sahəsində uğur qazanmaq, təhsilimizin dünya təhsil sisteminə daha sürətlə inteqrasiyasına nail olmaq üçün bütövlükdə cəmiyyətdə yeniləşmə, inkişaf meylləri olmalıdır. İnkarolunmaz faktdır ki, Azərbaycanda təhsilin inkişafı üçün əsas məsuliyyət təhsil işçilərinin, müəllimlərin, təhsili idarəetmə orqanlarının, ilk növbədə Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Lakin yalnız onların səyləri ilə ölkədə təhsil sahəsində ciddi inkişafa nail olmaq mümkün deyil.

Təhsil eksperti bildirib ki, təhsilə diqqət və qayğı göstərilən ailələrdə formalaşan uşaqlar tərbiyə və təliminə görə hər zaman digərlərindən müsbət mənada seçilir:

“Bir çox ölkələrdə ailə təhsil sisteminin bünövrəsi, alt infrastrukturu hesab edilir. Dövlətin təhsil sistemi ailə ilə birlikdə, uyumlu bir şəkildə cəmiyyətə, dövlətin inkişaf məqsədlərinə cavab verən vətəndaşın yetişdirilməsində fəaliyyət göstərir. Burda, həmçinin, əsas amillərdən biri informasiyadır. Yəni təhsilalan hansı mənbələrdən, hansı məzmunda informasiya alır və bu informasiya onun üçün nə dərəcədə faydalı və zəruridir. Nə qədər qəribə olsa da, araşdırmalar göstərir ki, təhsilin inkişafına təsir edən amillər içərisində məktəb və müəllim sonuncu yerdə dayanır. Bu baxımdan təhsilin inkişafına cəmiyyətin hər bir üzvü öz töhfəsini verməlidir”.

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Pərviz Şükürov 

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin