Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər həlak olub. Bununla belə binada baş verən güclü yanğın nəticəsində evsiz qalanlar və böyük maddi ziyan görən şəxslər oldu. Belə hallarda qanunvericiliyə əsasən zərər çəkən şəxslərlə bağlı hansı tədbirlər görülür? Onlara kompensasiya veriləcəkmi?
Məsələnin aktuallığını nəzərə alan Manset.az bu sualları hüquqşünas Ramil Süleymanova ünvanlayıb:

“İstintaqın getdiyi dövrdə zərərə uğradığını bildirən kimsə varsa, bununla bağlı mütləq şəkildə istintaqı aparan orqana müraciət etməlidir ki, onun zərərçəkmiş şəxs qismində tanınması ilə bağlı qərar qəbul olunsun. Eyni zamanda şəxs mülki iddiaçı olaraq da tanınmalıdır. Qeyd edim ki, şəxs bununla bağlı tanındıqdan sonra ona vurulmuş zərəri rahat şəkildə istintaq orqanına təqdim edir, əgər mülkü sığortalanmışdırsa, sığorta şirkəti tərəfindən onun əmlakının dəyəri, yəni vurulmuş ziyanın həcmi müəyyən olunmaqla təqsirləndirilən şəxsdən tələb olunur”.
Hüquqşünas həmçinin vətəndaşların prokurorluğa müraciət etməsinin vacibliyini vurğulayıb:
“Ümumilikdə, vətəndaşlar mütləq şəkildə prokurorluq orqanına müraciət etməlidirlər və onlara vurulmuş zərəri, o cümlədən, vəfat etmiş yaxınları olan şəxslər isə zərərçəkən şəxs qismində tanınmaqla təqsirləndirilən şəxsin cəzalandırılması ilə bağlı müraciət etməlidirlər. Prokurorluqdan təqsirləndirilən şəxsin kimliyini müəyyən edilərək bununla bağlı vətəndaşlara məlumat verilməlidir”.
Fidan Vəlisoy