"Qurban psixologiyası və travma donub qalmaq reaksiyasıdır".
Manset.az xəbər verir ki, bu haqda Zümrüd Rüstəmova və psixiatr-psixoterapevt Fəhmin Haqverdiyev "Zümrüdlə addım-addım" layihəsində danışıblar. Psixiatr Fəhmin Haqverdiyev bildirib ki, bu vəziyyət hərəkətsizlik halıdır və insan sanki canlı-ölü vəziyyətində olur:
“Nə qaçır, nə də qalıb mübarizə aparır. Sadəcə olaraq, eyni vəziyyətdə ilişib qalır və təkrarlar davam edir.”
Onun sözlərinə görə, bu reaksiya insanın xarakter xüsusiyyətləri və problemlərlə baş etmə üsullarından asılı olaraq formalaşır:
“Klassik olaraq üç reaksiya var – ya qaçırsan, ya savaşırsan, ya da donub qalırsan. Qurban psixologiyası sonuncu – donub qalmaq reaksiyasıdır.”
Haqverdiyev qeyd edib ki, belə hallarda insanın bir qədər məsafə qoyması, təkrarı dayandırması və vəziyyəti kənardan izləməsi faydalı ola bilər:
“Terapiya bu mövzuda istifadə edilən metodlardan biridir. Təbii ki, bu, uzunmüddətli prosesdir. Amma alternativ yollar da mövcuddur. Məsələn, insan fərqli bir yerə gedərək daxili olaraq yaşadıqlarını analiz edə və qarşılaşdığı hallara məsafə qura bilər. Bu məsafə düşünmək və uyğun həll yolları tapmaq üçün vacibdir. Əks halda eyni şeyləri təkrar etməyə davam edəcəyik.”
Müzakirə zamanı bildirilib ki, travmalarla mübarizə aparmaq və psixoloji dayanıqlıq qazanmaq üçün mühitdən uzaqlaşmaq, məsafələnmək və özünü müşahidə etmək önəmli addımlardır.