2026-2027-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar arasında ən yaşlı tələbənin 61 yaşı var. O, 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı (gözdən əlillər üçün)” ixtisasına qəbul olunub.
Manset.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələrinin müzakirəsinə həsr olunan tədbirdə söyləyib.
Qeyd olunub ki, 2026/2027-ci tədris ilində kolleclərə qəbul olunanların 46,7 faizini 17 yaşlı şəxslər təşkil edib. Bu yaş qrupunda 10 min 318 nəfər qəbul olunub.
Bununla yanaşı, 14–16 yaş aralığında 5279 nəfər qəbul olunub ki, bu da ümumi qəbulun 23,9 faizidir. 18–61 yaş aralığında olanların sayı isə 6474 nəfər, ümumi qəbulda payı 29,4 faiz təşkil edib.
Yaş qrupları üzrə göstəricilərə əsasən, 14 yaşlı 214, 15 yaşlı 3506, 16 yaşlı 1559, 17 yaşlı 10 min 318, 18 yaşlı 4430, 19 yaşlı 770 nəfər qəbul olunub. 20–30 yaş qrupunda 759, 30–40 yaş qrupunda 381, 40–50 yaş qrupunda 55, 50–61 yaş qrupunda isə 4 nəfər yer alıb.
Tədbirdə orta ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluq göstəriciləri də təqdim edilib. Bildirilib ki, 2018–2024-cü illərdə kollecləri ümumilikdə 111 min 68 nəfər bitirib. Onlardan 42 min 473 nəfəri işlə təmin olunub. Məzunların məşğulluq göstəricisi 38,2 faiz təşkil edib.