Yeni Azərbaycan Partiyasının yaranması və təsis
konfransının keçirilməsi ölkəmizin müstəqillik
əldə etdikdən sonra qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və ictimai proseslər
fonunda milli dövlətçilik ideyalarının qorunması, siyasi sabitliyin təmin edilməsi
və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından
xüsusi əhəmiyyət daşıyır.
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması XX əsrin 90-cı illərinin əvvəllərində
ölkədə hökm sürən ağır ictimai-siyasi şəraitdə xalqın sabitlik, güclü dövlətçilik,
milli birlik və peşəkar idarəçilik tələbatının ifadəsi kimi tarixə düşmüşdür.
Partiyanın təsis olunması Azərbaycan cəmiyyətində yeni siyasi düşüncənin
formalaşmasına, dövlətçilik maraqlarının siyasi müstəvidə müdafiəsinə və ölkənin
gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə vermişdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası müstəqilliyin
ilk illərində son dərəcə mürəkkəb və çətin sınaqlarla üzləşmişdi. Ölkədə siyasi
qeyri-sabitlik, idarəetmədə ciddi problemlər, iqtisadi tənəzzül, sosial çətinliklər,
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin müəyyən hissəsinin işğalı dövlət müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Həmin dövrdə cəmiyyətin əsas gözləntiləri ölkədə
siyasi sabitliyin bərqərar olması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi,
milli maraqların qorunması, ərazi bütövlüyünün təmin edilməsi və müstəqil Azərbaycanın
davamlı inkişaf yoluna çıxarılması idi.
Belə bir şəraitdə Azərbaycan
xalqının böyük əksəriyyəti dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və idarəçilik
bacarığı ilə tanınan Ümummilli Lider Heydər Əliyevin ölkənin ictimai-siyasi həyatında
fəal iştirakını zəruri hesab edirdi. Məhz bu tarixi şəraitdə Azərbaycanın müxtəlif
bölgələrini təmsil edən ziyalılar, tanınmış ictimai-siyasi xadimlər və vətəndaşlar
Heydər Əliyevə müraciət edərək ölkənin gələcəyi naminə yeni siyasi təşkilatın
yaradılmasını təklif etdilər. Bu təşəbbüsün əsas məqsədi milli dövlətçiliyin
qorunması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə siyasi həmrəyliyin
və ictimai sabitliyin təmin edilməsi idi.
1992-ci il oktyabrın 16-da
ölkənin müxtəlif sahələrini təmsil edən 91 nəfər ziyalı Heydər Əliyevə müraciət
edərək yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş etdi.
Tarixə “91-lər”in müraciəti kimi daxil olan bu sənəd Azərbaycanın siyasi həyatında
mühüm hadisəyə çevrildi. Müraciətdə ölkədə yaranmış ağır vəziyyət, dövlət müstəqilliyinin
qorunması, milli maraqların müdafiəsi, siyasi sabitliyin təmin edilməsi və
demokratik dövlət quruculuğunun inkişaf etdirilməsi zərurəti ön plana çəkilirdi.
Ümummilli Lider Heydər
Əliyev 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab verərək yeni
siyasi partiyanın yaradılması təşəbbüsünü dəstəklədi. O, partiyanın
yaranmasının obyektiv tarixi zərurətdən irəli gəldiyini vurğulayaraq müstəqil
Azərbaycanın demokratik inkişafı, suverenliyinin qorunması və xalqın rifahının
yüksəldilməsi istiqamətində siyasi təşkilatlanmanın əhəmiyyətini qeyd etmişdir.
Nəhayət, 1992-ci il
noyabrın 21-də Naxçıvan şəhərində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət
Dram Teatrının binasında Yeni Azərbaycan Partiyasının təsis konfransı
keçirildi. Bu, sadəcə, yeni siyasi partiyanın yaradılması ilə bağlı təşkilati tədbir
deyil, eyni zamanda, Azərbaycanın gələcək siyasi inkişafı, milli dövlətçilik
ideyalarının qorunması və müstəqilliyin möhkəmləndirilməsi baxımından mühüm
tarixi hadisə idi.
Konfransın gedişində Yeni
Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın
Proqramı və Nizamnaməsi təsdiqləndi. Təşkilatın rəhbər orqanları
formalaşdırıldı, Siyasi Şura və İdarə Heyəti seçildi. Ən mühüm qərarlardan biri
isə Ümummilli Lider Heydər Əliyevin konfrans iştirakçıları tərəfindən
yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçilməsi oldu.
Heydər Əliyevin zəngin dövlətçilik
təcrübəsi, siyasi nüfuzu, idarəçilik bacarığı və Azərbaycan xalqı qarşısındakı
tarixi xidmətləri yeni yaradılan siyasi təşkilatın cəmiyyətdə nüfuz qazanmasına
geniş imkan yaratdı.
Yeni Azərbaycan
Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin
əsası qoyuldu. Partiyanın fəaliyyətinin əsasını dövlət müstəqilliyinin
qorunması, milli maraqların müdafiəsi, azərbaycançılıq ideologiyasının inkişaf
etdirilməsi, demokratik dəyərlərin möhkəmləndirilməsi və hüquqi dövlət
quruculuğu təşkil edirdi.
Dövlət
müstəqilliyinin və suverenliyin qorunması, milli birlik və həmrəyliyin təmin
olunması, demokratik dövlət quruculuğu, iqtisadi inkişaf və sosial rifah yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması, güclü və
müasir dövlət quruculuğu və bu kimi istiqamətlər Partiyanın
ideoloji-siyasi xəttində xüsusi əhəmiyyət daşıyırdı.
1993-cü il Azərbaycan dövlətçiliyi
üçün son dərəcə taleyüklü bir il oldu. Ölkədə siyasi böhran dərinləşmiş, vətəndaş
qarşıdurması təhlükəsi yaranmış, dövlət müstəqilliyinin gələcəyi ciddi sınaq
qarşısında qalmışdı. Belə bir vəziyyətdə xalqın tələbi və çağırışı ilə
Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı. İyunun
15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi
tarixində yeni mərhələnin başlanğıcı oldu.
Həmin ilin oktyabrın 3-də
keçirilmiş prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsi ilə ölkədə dövlət idarəçiliyinin möhkəmləndirilməsi,
siyasi sabitliyin təmin edilməsi və genişmiqyaslı islahatların həyata keçirilməsi
istiqamətində mühüm addımlar atıldı.
Bu prosesdə Yeni Azərbaycan
Partiyası da siyasi təşkilat kimi fəal iştirak etdi. Partiya dövlətçilik
maraqlarının müdafiəsi, cəmiyyətin səfərbər olunması və ölkənin inkişaf
strategiyasının dəstəklənməsi istiqamətində aparıcı siyasi qüvvələrdən birinə
çevrildi.
1995-ci il noyabrın 12-də
keçirilən parlament seçkilərində partiyanın qələbə qazanması isə onun ölkənin
siyasi sistemindəki mövqeyinin daha da möhkəmlənməsini nümayiş etdirdi.
Ümummilli Lider Heydər
Əliyevin rəhbərliyi dövründə Yeni Azərbaycan Partiyası qısa müddətdə geniş təşkilati
struktura, güclü siyasi dayaqlara və ümumrespublika miqyaslı fəaliyyət
imkanlarına malik siyasi təşkilata çevrildi. Ulu Öndər partiyanın inkişaf
strategiyasını müəyyənləşdirərkən milli maraqların qorunmasını, dövlətçilik ənənələrinin
möhkəmləndirilməsini, xalqla hakimiyyət arasında etimadın gücləndirilməsini və
Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsini əsas prioritetlər
kimi müəyyən etmişdi.
Ulu Öndərin müəyyən etdiyi
siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına
uyğun şəkildə davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan son illərdə siyasi, iqtisadi, sosial, hərbi və diplomatik sahələrdə
mühüm nailiyyətlər əldə etmişdir. Xüsusilə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində
qazanılmış tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası və milli dövlətçilik
tariximizin yeni mərhələyə qədəm qoyması baxımından müstəsna əhəmiyyətə
malikdir. 2023-cü ildə suverenliyimizin ölkənin bütün ərazisində tam bərpa olunması
isə Azərbaycan tarixində yeni reallıq yaratdı. Bu nailiyyətlər müstəqil dövlətimizin
gücünü, xalqımızın birliyini və milli həmrəyliyini nümayiş etdirdi. Yeni Azərbaycan
Partiyası da bu tarixi proseslərdə öz siyasi mövqeyi və təşkilati fəaliyyəti ilə
iştirak edən aparıcı siyasi qüvvə kimi çıxış edir.
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi
həyatında mühüm yer tutan, geniş sosial bazaya və təşkilati struktura malik
siyasi təşkilatdır. Partiyanın müasir fəaliyyətinin əsas istiqamətləri dövlət müstəqilliyinin
möhkəmləndirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
inkişaf strategiyasının dəstəklənməsi, milli maraqların müdafiəsi,
ictimai-siyasi sabitliyin qorunması və Azərbaycanın beynəlxalq mövqelərinin
gücləndirilməsidir.
Xüsusilə gənclərin ictimai-siyasi proseslərdə
iştirakının genişləndirilməsi, onların dövlətçilik ruhunda tərbiyə olunması,
milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və ölkənin gələcək
inkişafında fəal iştirakının təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan
Partiyasının təsis konfransının keçirildiyi 21 noyabr tarixinin tarixi və
siyasi əhəmiyyətinin gənc nəslə çatdırılması xüsusi aktuallıq daşıyır. Gənc nəsil
Azərbaycanın müstəqillik tarixini, dövlətçilik ənənələrini, müstəqilliyin ilk
illərində qarşıya çıxan çətinlikləri və ölkəmizin bugünkü inkişaf mərhələsinə
necə gəlib çatdığını dərindən öyrənməlidir.
Beləliklə, 21 Noyabr tarixi Azərbaycan xalqının
milli birliyinin, dövlətçilik iradəsinin, müstəqilliyə bağlılığının və gələcəyə
inamının təcəssümüdür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi istiqamətində göstərdiyi tarixi xidmətləri bir daha
xatırlamaq, onun siyasi irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq
baxımından xüsusi əhəmiyyət daşıyır.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı