Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar keçirilib. Qarabağın dilbər guşələrindən olan Suqovuşanda əvvəlcə rəsmi açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Manset.az xəbər verir ki, rəsmi şəxslərin çıxışları zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev xarici ölkələr tərəfindən turnirə marağın hər il artdığını və bunun sevindirici hal olduğunu qeyd edib. İdmançılara uğurlar arzulayıb.
Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana avarçəkmənin Azərbaycanda son illərdə olduqca inkişaf etdiyini vurğulayıb. Füzulidə və Suqovuşanda yarışların yüksək səviyyədə təşkilatçılığından danışıb. O, qonaqpərvərliyə, səmimi qarşılanmaya görə Azərbaycan xalqına və federasiyaya təşəkkürünü bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda artıq 5-ci dəfədir beynəlxalq avarçəkmə yarışlarının keçirildiyini xatırladıb. Nazir Qarabağda bu cür turnirlərin təşkil olunmasının təqdirəlayiq olduğunu söyləyib. Fərid Qayıbov çıxışın sonunda “Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmən açıq elan edib.
Rəsmi hissə başa çatdıqdan sonra Suqovuşan su anbarında idmançıların iştirakçı ölkələrin bayraqları ilə dairəvi keçidi baş tutub. Ardınca 200 metr məsafədə kayak və kanoe üzrə yarışlar start götürüb. İlk gündə Azərbaycan idmançıları 3 medal qazanıb. Amil Ramazanov bir nəfərlik kayak qayığında 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub. Eyni növdə və məsafədə 2009-2010-cu il təvəllüdlü idmançıların mübarizəsində Əlimurad Hacızadə, 2011-2012-ci il təvəllüdlü avarçəkənlərin yarışında isə Mustafa Vəlizadə üçüncü yer tutub.
Yarışlar 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Mayın 2-də Mingəçevirdə reqatanın bağlanış mərasimi olacaq. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək. Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.