Avarçəkənlərimiz yarışı 15 medalla başa vurdu - FOTOLAR

22:49 - 02 May 2025

Avarçəkənlərimiz yarışı 15 medalla başa vurdu - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasında yarışlar başa çatıb.


Manset.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkil etdiyi reqatanın son günündə avarçəkənlərimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər. 

Birnəfərlik kayak qayığında 1000 metr məsafəyə mübarizədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İkinəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Elvin Əliyev-Niyaz Məlikov cütlüyü bürünc, həmin növdə və məsafədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanskiy-Hüseyn Həsənov cütlüyü gümüş, Vacib Babayev-Nuran Rəhimli cütlüyü isə bürünc medal əldə edib.

2011-2012-ci il təvəllüdlü idmançılar arasında Əziz Əhmədli-Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə-Tahir Mövsümov cütlüyü isə bürünc medal qazanıb.

Nurlan Paşayev və Cahangir Məmmədli 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə ikinəfərlik akademik avarçəkmə yarışında yalnız Özbəkistan təmsilçilərindən geri qalaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Beləliklə, üç gün davam edən yarışı Azərbaycan komandası ümumilikdə 1 qızıl, 7 gümüş və 7 bürünc olmaqla 15 medalla başa vurub.

Xatırladaq ki, bu gün Mingəçevirdə reqatanın bağlanış mərasimi olacaq. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək.  Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv