2014-cü il dünya çempionu, Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer 2026/2027 mövsümünün sonunda futbolçu karyerasını başa vura biləcəyini bildirib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, qapıçı bu barədə "Sky Sport" telekanalına açıqlamasında danışıb.
"Düşünürəm ki, mənim üçün hər şey yayda başa çatacaq. Hazırda qalan vaxtdan zövq almağa çalışıram", - deyə Noyer bildirib.
Qeyd edək ki, noyabrın 8-də Almaniya çempionatında "Maynts"la səfər oyununda zədələnən Noyerə sağ ayağının vətərində qismən yırtıq diaqnozu qoyulub.
40 yaşlı qapıçı 2011-ci ildən "Bavariya"da çıxış edir. O, klubla 13 dəfə Almaniya çempionu olub, yeddi dəfə ölkə Superkubokunu, altı dəfə Almaniya Kubokunu, iki dəfə isə UEFA Çempionlar Liqasını qazanıb.
Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu, 2010-cu ildə isə dünya çempionatının bürünc mükafatçısı olub. O, futbolçu karyerasına "Şalke" klubunda başlayıb.