Bugünkü təxribatın əsl səbəbi üzə çıxdı - Polkovnikdən şok açıqlama

00:04 - 12 Aprel 2023

Bugünkü təxribatın əsl səbəbi üzə çıxdı - Polkovnikdən şok açıqlama

Bu gün Laçın istiqamətində baş verən təxribatın arxasında Rusiya dayanır.

 

Manset.az xəbər verir ki, bunu Modern.az-a hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan-Ermənistan sərhədindəki silahlı insidentin səbəbləri barədə danışarkən deyib. Onun fikrincə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin səsləndirdiyi bəyanat bugünkü təxribata işarə idi:

“Rusiya səfiri bildirdi ki, KTMT missiyası Ermənistana gəlmək üçün hazırdır. Bu gün baş verənlər təsadüfi deyil. Məhz Rusiya səfirinin açıqlaması ona hesablanmışdı ki, Ermənistan təxribat törətməklə bağlı tapşırığı yerinə yetirsin. Onlar da Rusiyanın dediyi kimi sərhədimizdə təxribat törətdilər. Bundan əlavə, dünən Azərbaycan mətbuatında müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun Amerikada keçirdiyi görüşlərə geniş yer verilmişdi. Amerikanın adı gələndə İran və Rusiyanın necə reaksiya verdiyi hər kəsə məlumdur. Onlar Azərbaycan generalının ABŞ-da danışıqlar aparmasını qəbul edə bilməzlər. Əlbəttə, bunların hamısı bir-biri ilə əlaqəli məsələlərdir”.

Ehtiyatda olan polkovnik hesab edir ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasını yeritmək üçün bəhanə axtarır:

“Sabah KTMT Ermənistana kömək üçün gəlsə, təəccüblənmərəm. Çünki onlara sadəcə bir bəhanə lazım idi. Ötən həftələrdə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığında müəyyən tapşırıqlar verilmişdi. Təsadüfi deyil ki, bu gün Lavrovun müavini İrəvandadır. Onun xüsusi tapşırıqla İrəvana gəldiyi deyilir. Təsdiqlənməmiş məlumat olsa da, gələn ay Prezident İlham Əliyev ilə Paşinyan arasında Vaşinqtonda planlaşdırılan görüş Rusiya və İranı ciddi şəkildə narahat edir. Onlar Vaşinqtonda görüşün baş tutmamasını istəyirlər.

Xatırlayırsınızsa, ötən ilin dekabrın 7-də sülh sazişi ilə bağlı görüş keçirilməli idi. Onda da Ermənistan təxribat törətdi və görüş baş tutmadı. Bunlar hamısı zəncirin bir hissəsidir. Başa düşmək lazımdır ki, Ermənistan ona verilən tapşırıqları yerinə yetirir”.

Hərbi ekspert bugünkü insidentdən sonra danışıqların arxa plana keçəcəyini düşünür:

“Müdafiə Nazirliyinin verdiyi məlumat ondan ibarətdir ki, ermənilər sakitləşiblər. Erməni tərəfinin təxribatlarının qarşısı alınıb və mövqeləri susdurulub. Baxmayaraq ki, bundan əvvəl Basarkeçər istiqamətində bizə problemlər yaradırdılar, indi isə postu quracağımız Laçın rayonuna yaxın ərazidə, yəni Gorus rayonunun Dığ yaşayış məntəqəsindən hücum ediblər. Ermənistan ərazisi olmasına baxmayaraq, biz o nöqtələri də susdurmuşuq. Bundan sonra vəziyyətin necə olacağını yaxın saatlarda biləcəyik. Ancaq Azərbaycanla Ermənistan arasında təmaslar arxa plana keçəcək”.

Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. 


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin