“Qızlar məni elə geyindirirdilər ki...” - Aygün Bəylər

19:10 - 25 Aprel 2023

“Qızlar məni elə geyindirirdilər ki...” - Aygün Bəylər

"Mən şou sevən biri deyiləm. Şou-biznesə heç bir aidiyyatım yoxdur. Hamısı xətir-hörmətimi saxlayır. Amma mənim qanım, xəmirim musiqi ilə yoğrulub. 3 yaşından gözümü açıb, evdə piano ifa etmişəm. Sənəti sevdim, o zaman hələ kənarda idim. Sənətin içinə girəndən sonra gördüm ki, burada çox şeylər var. Onların bir çoxu heç mənə aid deyildi. Siz elə bilirsiniz ki, sənəti, səviyyəni, sanbalı, mədəniyyəti qoruyub saxlamaq asandır?! Özümü musiqidə tapmışam. Əvvəl toylarda nağara ifaçısı kimi iştirak etmişəm. Nağaranı sökürdüm, səhnədə özümü görürdüm. Bilirdim ki, nə vaxtsa yolum burada kəsişəcək. Mənə dedilər ki, mütləq təhsil almalısan, konservatoriya bitirməlisən".

 

Manset.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Aygün Bəylər deyib.

"Tamaşaçılar hər zaman məni iki obrazda görüblər. Həm fərqli saç düzümü, makiyajda, həm də papaqda. Papaqdakı obrazım mənə daha yaxındır. Xalq da, tamaşaçılar da məni belə görmək istəyirlər. Bəzəkli-düzəkli olsaydım hamı kimi olacaqdım. Heç kimdən fərqlənməyəcəkdim. Toylara erkən getməyə başlamışam, o zaman heç 15 yaşım tamam olmamışdı. Qızlar məni bəzəyirdilər, geyindirib-keçirirdilər ki, heç kim bilməsin ki, mənim yaşım azdır" deyə sənətkar bildirib.

Aygün Bəylər bildirib ki, fəxri adı 25 yaşında alıb. 

"Fəxri adı 25 yaşımda ulu öndər, ümummilli lider Heydər Əliyevin imzası ilə almışam. Bu böyük bir xoşbəxtlik idi. Sənətdə gecə-gündüz bilmədən çalışıb, işləyirdim. Bu elə bir xoşbəxtlikdir ki, bunu heç nə ilə əvəz etmək olmaz. Ömrümün sonuna qədər bunu unutmaram. Çox istərdim ki, yenə həmin konsertlərdə iştirak edim, o günlər geri qayıtsın. O səhnənin arxasında gəlib bizlə görşürürdü. O həqiqətən də insanların zəhmətini qiymətləndirirdi. Deyirdi ki, "gənc olmasına baxmayaraq böyük sənətkarların yanında oxuyur bu qız" deyə Aygün Bəylər deyib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin