Bakıda Azərbaycan və İran HDQ komandanları görüşdü - FOTO

18:05 - 5 Dekabr 2023

Bakıda Azərbaycan və İran HDQ komandanları görüşdü - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Bakıda səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.

 

Müdafiə Nazirliyindən Manset.az-a bildirilib ki, görüşdən əvvəl təntənəli qarşılanma mərasimi keçirilib.

Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin HDQ qərargahının ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Sonra protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

HDQ-nin qərargah binasında keçirilən görüşdə Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüş zamanı İran nümayəndə heyətinə Azərbaycan HDQ haqqında brifinq təqdim edilib.

Sonda qarşılıqlı hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin