Azərbaycanda elm, təhsil və mədəniyyət sahələrinin inkişafına yönəlmiş maarifləndirici proqramların hazırlanması istiqamətində həyata keçirilən layihələr cəmiyyətin intellektual potensialının gücləndirilməsinə mühüm töhfə verir. Müasir yanaşmalar əsasında ərsəyə gətirilən bu proqramlar biliklərin daha geniş auditoriyaya çatdırılmasına, milli-mədəni dəyərlərin təbliğinə və gənc nəslin maariflənməsinə xidmət edərək ölkədə davamlı inkişaf hədəflərinin reallaşmasına dəstək göstərir.
Milli Məclisin deputatı Razi Nurullayev Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda elm, təhsil və mədəniyyət sahəsində maarifləndirici proqramların hazırlanmasına son illər daha çox diqqət yetirilir:

“STEAM layihələri, “Sabahın alimləri” müsabiqəsi, mədəni irsin qorunması və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr, eləcə də mediada maarifləndirici məzmunun dəstəklənməsi müsbət addımlardır. Bununla yanaşı, hesab edirəm ki, televiziya və rəqəmsal platformalarda elm, innovasiya, rəqəmsal savadlılıq və milli dəyərlərlə bağlı keyfiyyətli proqramların sayı daha da artırılmalıdır”.
Deputat qeyd edib ki, maarifləndirici materialların sayı artsa da, onların informasiya məkanındakı payı hələ də kifayət qədər deyil:
“Media yalnız xəbər verməklə kifayətlənməməli, cəmiyyətin intellektual inkişafına da xidmət etməlidir. Xüsusilə, gənclər üçün müasir formatda hazırlanmış podkastlar, qısa videolar və elmi-kütləvi layihələr daha geniş yayımlanmalıdır. İşğaldan azad olunmuş ərazilərdə məktəblərin, mədəniyyət ocaqlarının və digər təhsil infrastrukturlarının yaradılması gələcək maarifçilik fəaliyyətinin əsasını qoyur. Növbəti mərhələdə bu bölgələrdə elmi festivalların, kitab günlərinin, innovasiya mərkəzlərinin və gənclərə yönəlmiş maarifləndirici layihələrin genişləndirilməsi vacibdir. Bu, Böyük Qayıdış prosesinin sosial və intellektual baxımdan da uğurunu təmin edəcək”.
Fidan Vəlisoy
6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb