Müasir tarix bir çox hallarda lider fenomeninin cəmiyyətlərin taleyində həlledici rol oynadığını sübut etmişdir. Tarixi inkişaf proseslərinin mürəkkəbliyi və ziddiyyətləri fonunda qlobal siyasi və iqtisadi meyilləri dəqiq qiymətləndirməyi bacaran, onları xalqının və dövlətinin mənafeyi naminə mahir şəkildə yönləndirən şəxsiyyətlər dövlətçilik tarixində silinməz iz buraxırlar. Belə liderlər zamanın çağırışlarını dərindən dərk edir, xalqlarını mürəkkəb sınaqlardan uğurla çıxarır, sabitlik və inkişaf üçün etibarlı yol xəritəsi formalaşdırırlar. Azərbaycan tarixində bu fenomen şəxsiyyətin adı ümummilli lider Heydər Əliyevlə bağlıdır. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı, onun ideya əsaslarını və institusional təməlini yaradan, dövlətçiliyimizi zamanın çətin sınaqlarından çıxarıb gələcəyə daşıyan nadir tarixi şəxsiyyət kimi millət yaddaşına əbədi həkk olunmuşdur.
Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük
siyasi lider, dünya miqyasında tanınan dövlət xadimi olan ulu öndər Heydər
Əliyevin fəaliyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Müstəqillik
dövrünün bütün mühüm mərhələləri məhz onun adı ilə bağlıdır. Onun rəhbərliyi ilə
müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikası ağır tarixi sınaqlardan
keçmiş, lakin düzgün idarəçilik və strateji baxış nəticəsində sabitliyə,
inkişaf və beynəlxalq nüfuza qovuşmuşdur.
Ümumilli lider Heydər Əliyev Azərbaycan
xalqına təkcə siyasi müstəqillik deyil, həm də milli dövlətçilik ideologiyası,
sosial-iqtisadi inkişaf modeli, hüquqi və dünyəvi dövlət quruculuğu ənənələri bəxş
etmişdir. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan XX əsrin
sonunda müstəqilliyini bərpa etdikdən sonra varlığı real təhlükə altında olan
bir dövlətdən regionun lider dövlətinə çevrilmişdir. Əldə olunmuş sabitlik,
davamlı iqtisadi artım və beynəlxalq nüfuzun yüksəlişi məhz ümummilli liderin təməlini
qoyduğu dövlət idarəçiliyi fəlsəfəsinin təzahürüdür.
Ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-nin rəhbəri kimi fəaliyyət
göstərdiyi illərdə respublikamızın hərtərəfli inkişafına xidmət edən
genişmiqyaslı və uzaqgörən islahatlar həyata keçirmişdir. Onun rəhbərliyi
altında ölkənin sosial-iqtisadi potensialının artırılması, elmi-texniki irəliləyişin
təşviq olunması və mədəni quruculuğun dərinləşdirilməsi sahəsində misilsiz işlər
görülmüş, bu istiqamətlər üzrə keyfiyyətcə yeni mərhələyə keçid təmin
edilmişdir. Həmin dövrdə Azərbaycan sənayeləşmə prosesinə fəal şəkildə
qoşulmuş, ağır və yüngül sənaye sahələrində onlarca yeni müəssisə və zavod
istifadəyə verilmiş, kənd təsərrüfatı və energetika sahələrində əsaslı yenidənqurmalar
aparılmışdır. Bu təşəbbüslər nəticəsində Azərbaycan SSR ittifaq miqyasında
qabaqcıl və dinamik inkişaf edən respublikalardan birinə çevrilmiş, milli
iqtisadiyyatın strukturu zənginləşdirilmiş və onun dayanıqlı inkişafı üçün əsaslı
zəmin yaradılmışdır. Eyni zamanda, ümummilli lider Heydər Əliyev təhsilin inkişafını və
yüksək ixtisaslı milli kadrların hazırlanmasını dövlət siyasətinin prioritet
istiqaməti kimi müəyyən etmişdi. Onun təşəbbüsü və bilavasitə nəzarəti ilə
Azərbaycanda məktəb və ali təhsil müəssisələrinin sayı artırılmış, texniki peşə
təhsili gücləndirilmiş, qabaqcıl təhsil proqramları tətbiq olunmuş və ixtisaslı
müəllim kadrlarının hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Ən mühüm
addımlardan biri də Heydər Əliyevin göstərişi ilə Azərbaycanın müxtəlif
regionlarından olan gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi
olmuşdur. Bu gənclər mühəndislik, idarəetmə, hərb, tibb, iqtisadiyyat və digər
strateji sahələr üzrə təhsil alaraq respublikaya qayıtdıqdan sonra milli kadr
potensialının formalaşmasında mühüm rol oynamışlar. Bununla yanaşı, Heydər Əliyev milli özünüdərkin,
milli şüurun və dövlətçilik ideyalarının təşəkkül tapmasına və güclənməsinə
xüsusi önəm verirdi. Onun rəhbərliyi ilə Azərbaycan xalqının tarixinin, mədəniyyətinin,
ədəbiyyatının, incəsənətinin təbliği və öyrənilməsi geniş vüsət aldı, milli
irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün kompleks tədbirlər
görüldü. Azərbaycanın tarixi şəxsiyyətlərinin, görkəmli elm və mədəniyyət
xadimlərinin irsinin araşdırılması, yeni elmi mərkəzlərin yaradılması və müxtəlif
yubileylərin keçirilməsi milli kimlik və qürur hissinin yüksəlməsinə təkan
verdi. Ümummilli lider Heydər
Əliyevin həmin illərdə yaratdığı ideoloji, kadr və iqtisadi baza sonrakı müstəqillik
dövründə ölkənin idarə olunmasında, strateji qərarların qəbulunda və dövlətçiliyin
möhkəmləndirilməsində həyati əhəmiyyət kəsb etdi. Sovet dönəmində formalaşan bu
kadrlar müstəqillik illərində Azərbaycanın idarəetmə sistemində, siyasi və
iqtisadi institutların təşəkkülündə fəal iştirak etdilər və ölkənin müasir
inkişaf modelinin qurulmasında aparıcı mövqelər tutdular. Beləliklə, ulu öndər
Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövr yalnız iqtisadi göstəricilərlə
deyil, həm də milli təfəkkürün formalaşması, kadr potensialının yaradılması və
müstəqil dövlətçiliyin təməl prinsiplərinin təşəkkülü baxımından strateji əhəmiyyət
daşıyır. Bu
irs bu gün də Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas dayaqlarından
biri olaraq qalmaqdadır.
XX əsrin sonlarında beynəlxalq münasibətlər sistemində
dərin struktur dəyişiklikləri baş verdi və dünya yeni bir geosiyasi düzənə qədəm
qoydu. Soyuq müharibənin başa çatması və ideoloji blokların çökməsi nəticəsində
yaranan bu yeni dövrdə bir sıra imperiyalar parçalandı, onların tərkibindəki
xalqlar müstəqil dövlət quruculuğu istiqamətində hərəkətə keçdilər. Bu prosesin
ən mühüm mərhələlərindən biri də Sovet İttifaqının dağılması və bunun fonunda
milli azadlıq hərəkatlarının geniş vüsət alması idi. Azərbaycan xalqı da bu
tarixi fürsəti dəyərləndirərək uzun illər arzuladığı istiqlaliyyətini
reallaşdırmaq üçün mübarizəyə qalxdı. 1988-ci ildən etibarən ölkədə milli
özünüdərk, azadlıq idealları və dövlət müstəqilliyi uğrunda mübarizə geniş vüsət
aldı. Lakin bu mübarizə asan və maneəsiz olmadı, əksinə, son dərəcə mürəkkəb,
faciəli və ağrılı bir mərhələdən keçdi.
1990-cı ilin 20 Yanvar faciəsi bu mübarizənin ən dəhşətli
səhifələrindən biri oldu. SSRİ rəhbərliyi tərəfindən Bakıya yeridilən hərbi
hissələr yüzlərlə günahsız insanı qətlə yetirdi, xalqın azadlıq arzusu və müstəqillik
iradəsi qan içində boğulmağa çalışıldı. Lakin bu hadisə əksinə olaraq Azərbaycan
xalqının milli birliyini daha da gücləndirdi və müstəqillik ideyalarına olan
inamı artırdı. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və
hərbi təcavüzü, tarixə qovuşmuş “Dağlıq Qarabağ
münaqişəsi”nin alovlanması, bir milyondan artıq
soydaşımızın doğma torpaqlarından didərgin düşməsi müstəqillik yolunda ölkəmizin
qarşısında ciddi maneələr yaratdı. Üstəlik, bu dövrdə ölkə daxilində baş verən
siyasi gərginliklər, hakimiyyət böhranları, silahlı qarşıdurmalar və vətəndaş
müharibəsi təhlükəsi Azərbaycanı bir dövlət kimi tam çökmək təhlükəsi ilə üz-üzə
qoymuşdu.
1991-ci ildə yenidən bərpa olunan müstəqillik ilk mərhələdə
formal xarakter daşıyırdı, çünki ölkədə real siyasi və iqtisadi idarəetmə
mexanizmləri iflic vəziyyətinə düşmüşdü. Dövlət institutları zəifləmiş, milli
ordu formalaşmamış, siyasi hakimiyyətin legitimliyi isə xalq tərəfindən qəbul
olunmurdu. Xarici siyasətdə ardıcıl və aydın xətt mövcud deyildi, ölkə beynəlxalq
arenada demək olar ki, təcrid vəziyyətində idi. Belə bir xaos və anarxiya şəraitində
Azərbaycanın mövcudluğu sual altına düşmüş, müstəqillik ideyaları reallaşmaq əvəzinə
tənəzzülə uğramağa başlamışdı.
Məhz belə bir böhranlı və çıxılmaz şəraitdə Azərbaycan
xalqı tarixə mühüm istiqamət verən qərar qəbul edərək ümummilli lider Heydər
Əliyevi siyasi rəhbərliyə dəvət etdi. Xalqın təkidli tələbi və çağırışı ilə
1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıdan ulu öndər Heydər Əliyev ölkə
rəhbərliyini üzərinə götürərək dövlətçiliyin xilaskarı rolunu oynadı. Onun
siyasi uzaqgörənliyi, idarəçilik təcrübəsi və qətiyyətli qərarları sayəsində Azərbaycanda
vətəndaş qarşıdurmalarının qarşısı alındı, konstitusion quruluş bərpa edildi,
dövlət institutlarının fəaliyyəti canlandırıldı və sabitlik təmin olundu. Ən
mühüm məsələlərdən biri də odur ki, Heydər Əliyev ölkədə milli həmrəyliyin və
hüquqi dövlət quruculuğunun əsaslarını formalaşdıraraq, Azərbaycanı parçalanmaq
təhlükəsindən xilas etdi.
Ulu öndər qısa müddət ərzində həm daxili idarəetmə sahəsində
sabitlik yaratdı, həm də xarici siyasətdə balanslı və praqmatik kurs müəyyənləşdirdi.
Azərbaycan beynəlxalq təcriddən çıxaraq dünya dövlətləri və nüfuzlu təşkilatlarla
əməkdaşlıq etməyə başladı. Bir tərəfdən Ermənistanın işğalçı siyasətinə qarşı
beynəlxalq hüquq normalarına əsaslanan mövqe sərgiləndi, digər tərəfdən isə
xarici sərmayələrin cəlb olunması ilə neft strategiyası əsasında iqtisadi
inkişafın təməlləri qoyuldu. Ulu öndərin rəhbərliyi ilə ölkəmiz təkcə regional
deyil, həm də qlobal miqyasda sabit və etibarlı tərəfdaş kimi tanınmağa
başladı.
Beləliklə, XX əsrin sonunda Azərbaycanın müstəqilliyi
real məzmun və keyfiyyət qazandı, dövlətçiliyin əsas prinsipləri təsbit edildi
və gələcək inkişafın strateji xətti müəyyənləşdirildi. Bütün bu nailiyyətlərin
mərkəzində isə ümummilli lider Heydər Əliyevin xilaskar missiyası, müdrikliyi və
yenilməz liderlik keyfiyyətləri dayanırdı. Onun həyata keçirdiyi siyasət nəticəsində
Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı və müasir dövlət quruculuğunun əsası
qoyuldu.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildən sonra Azərbaycan
Respublikasının Prezidenti kimi həyata keçirdiyi siyasət Azərbaycanın müstəqil
dövlət kimi güclənməsinin əsasını təşkil etmişdir. Onun rəhbərliyi ilə
Konstitusiyanın qəbul olunması, ordu quruculuğu, neft strategiyasının
hazırlanması və həyata keçirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti
prinsiplərinin formalaşdırılması, beynəlxalq münasibətlərin çoxtərəfli əsasda
qurulması və regionun sabitlik adasına çevrilməsi müstəqil dövlətçiliyimizin təməl
sütunlarını təşkil etmişdir. Ulu Öndərin
siyasi təfəkkürü milli dövlətçiliyin əsasını təşkil etmişdir. Onun baxışında
müstəqil dövlət ideyası milli kimliklə, xalqın iradəsi ilə və təhlükəsiz sabah
anlayışı ilə üzvi surətdə bağlı idi.
Ümummilli Liderin ilk
və ən mühüm addımlarından biri ölkədə sabitliyin və konstitusiyaçılığın bərqərar
edilməsi oldu. Onun rəhbərliyi ilə qanunsuz silahlı birləşmələr tərksilah
edildi, hüquqi dövlətin əsasları qoyuldu, milli ordu formalaşdırıldı və dövlət
institutları bərpa edildi. Paralel olaraq, sosial-iqtisadi sahədə köklü
islahatlara start verildi. Ulu öndər müasir Azərbaycanın inkişaf yolunun bazar
iqtisadiyyatına əsaslanan azad iqtisadi münasibətlərdən keçdiyini bəyan etdi.
1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycan
tarixində neft strategiyasının əsasını qoyaraq ölkəmizə böyük həcmdə xarici sərmayənin
cəlb edilməsinə və iqtisadi dirçəlişə zəmin yaratdı. “Əsrin müqaviləsi” ilə Azərbaycan dünya enerji
bazarına çıxış əldə etdi, beynəlxalq investisiyaların mərkəzinə çevrildi. Bu
strategiya yalnız iqtisadi inkişafla məhdudlaşmadı, eyni zamanda Azərbaycanın
geosiyasi əhəmiyyətini də artırdı. Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində
həyata keçirilən bu layihələr Azərbaycanı enerji təhlükəsizliyi sahəsində
etibarlı tərəfdaşa çevirdi.
Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıdışı təkcə siyasi dəyişiklik deyildi, bu, milli ruhun dirçəlişi,
dövlətçiliyin real əsaslar üzərində qurulması və xalqın gələcəyə olan inamının
bərpası idi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasında
milli dövlətçilik ideyası öz hüquqi əsasını tapdı. Milli dəyərlərin qorunması,
vətənpərvərlik ruhunun yüksəldilməsi və tarixi yaddaşın bərpası dövlət siyasətinin
mühüm istiqamətinə çevrildi. Heydər Əliyev öz xilaskarlıq missiyasını böyük
quruculuq fəaliyyəti ilə tamamladı. Onun xalqın birliyinə və həmrəyliyinə əsaslanan
dövlətçilik modeli bu gün də müasir Azərbaycanın inkişafının əsas dayağı olaraq
qalır. Ümummilli liderin “Dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir”
fikri bu gün hər bir azərbaycanlının inam və qürur mənbəyidir.
Beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi
ümummilli lider Heydər Əliyev diplomatiyasının əsas istiqamətlərindən biri
olmuşdur. Ulu öndər Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan,
şəffaf, ardıcıl və müdrik bir kurs müəyyənləşdirmişdir. O, "müvazinətli
xarici siyasət" strategiyasını həyata keçirərək ölkəmizin həm qonşu region
dövlətləri, həm də dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı hörmət və əməkdaşlıq
əsasında münasibətlər qurmasına nail olmuşdur. Bu siyasət təkcə Azərbaycanın
beynəlxalq aləmdə tanınmasına deyil, həm də onun müstəqilliyinin qorunmasına və
möhkəmləndirilməsinə yönəlmişdi. Ulu öndər Heydər Əliyev tərəfindən aparılan
praqmatik və uzaqgörən diplomatik fəaliyyət nəticəsində Azərbaycan Birləşmiş
Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
(ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Demokratiya və İqtisadi İnkişaf Naminə
Təşkilat – GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), MDB və digər
beynəlxalq və regional təşkilatlarda fəal və bərabərhüquqlu üzv kimi təmsil
olunmağa başladı. Azərbaycanın xarici siyasəti qlobal sabitlik və sülhə töhfə
vermək məqsədi daşıyırdı və ulu öndər bu baxımdan balanslaşdırılmış münasibətlərin
qurulmasına xüsusi önəm verirdi. Məhz ulu öndərin müəyyən etdiyi xarici siyasət
kursu sayəsində Azərbaycan Avropa strukturlarına inteqrasiyanın ilk ciddi
addımlarını atdı. Avropa Şurasına üzv qəbul edilməsi, Avropa İttifaqı ilə əməkdaşlıq
formatlarının yaranması və "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"nin imzalanması
bu siyasətin uğurlarındandır. Bununla yanaşı, ABŞ, Rusiya, Çin, Türkiyə, İran və
Avropa dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulması da Azərbaycanın
geosiyasi çəkisini artırdı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici
siyasəti yalnız diplomatik əlaqələrin qurulması ilə məhdudlaşmadı, eyni zamanda
iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, mədəni mübadilə və regional layihələrdə
iştirak kimi sahələri də əhatə etdi. Nəticə etibarilə, ulu öndər Heydər
Əliyevin düşünülmüş və uzaqgörən diplomatiyası Azərbaycanın dünya birliyində
nüfuzlu, etibarlı və təşəbbüskar bir dövlət kimi tanınmasında mühüm rol oynadı.
Bu siyasət bu gün də uğurla davam etdirilir və Azərbaycanın beynəlxalq aləmdəki
mövqeyi ildən-ilə daha da möhkəmlənir.
Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan
dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən biri də milli ideologiyanın –
azərbaycançılıq məfkurəsinin formalaşdırılması və onun dövlət səviyyəsində tətbiqinə
nail olunmasıdır. Ulu öndər bu ideologiyanı Azərbaycan xalqının həmrəyliyi,
birliyi və ortaq dəyərlər sisteminin əsası kimi təqdim etmiş, bu ideyanın ətrafında
cəmiyyətin müxtəlif təbəqələrini birləşdirməyə müvəffəq olmuşdur. Onun rəhbərliyi
ilə milli maraqlar ümumbəşəri dəyərlərlə vəhdətdə təqdim edilmiş, Azərbaycanın
çoxmillətli, çoxkonfessiyalı cəmiyyət modeli azərbaycançılıq ideologiyası çərçivəsində
yeni məzmun kəsb etmişdir. Azərbaycançılıq Ümummilli Liderin baxışında yalnız
etnik mənsubiyyəti əks etdirən anlayış deyildi; bu, daha geniş bir siyasi-mənəvi
platforma idi. O, bu ideologiyanı dövlətin təməl sütunlarından biri kimi
formalaşdırdı və ölkədə yaşayan bütün xalqların – azərbaycanlılar, talışlar, ləzgilər,
avarlar, ruslar, tatlar və digərlərinin milli, dini və mədəni müxtəlifliyini
qoruyaraq, onların hamısını vahid və bərabər hüquqlu vətəndaşlıq prinsipi əsasında
bir ideya ətrafında birləşdirdi. Bu yanaşma Azərbaycanda vətəndaş cəmiyyəti
institutlarının möhkəmlənməsinə, demokratik dəyərlərin təşəkkül tapmasına və
milli həmrəyliyin güclənməsinə mühüm töhfə verdi. Ümummilli Lider azərbaycançılıq
ideyasını həm ölkə daxilində, həm də beynəlxalq miqyasda təbliğ edərək, bu məfkurəni
Azərbaycanın xarici siyasətinin və diaspor fəaliyyətinin əsas ideoloji istiqamətinə
çevirdi. Onun təşəbbüsü ilə xaricdə yaşayan azərbaycanlıların milli-mədəni
birliyinin qorunması və Azərbaycan dövləti ilə əlaqələrinin gücləndirilməsi məqsədilə
konseptual yanaşmalar irəli sürüldü. 2001-ci ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının
I Qurultayı bu baxımdan azərbaycançılıq ideyasının zirvəsi və onun beynəlxalq səviyyədə
təsdiqi kimi tarixə düşdü. Nəticə etibarilə, ümummilli lider Heydər Əliyevin irəli
sürdüyü və möhkəmləndirdiyi azərbaycançılıq ideologiyası müstəqil dövlətin
milli ideoloji dayağına çevrildi. Bu ideologiya dövlətin strateji inkişaf
konsepsiyalarında, təhsil siyasətində, mədəniyyət proqramlarında, o cümlədən
qanunvericilikdə öz əksini tapdı. Azərbaycançılıq bu gün də müasir Azərbaycan
Respublikasının ideoloji əsaslarından biri kimi öz aktuallığını qoruyub
saxlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ideya daha da inkişaf
etdirilir, milli kimliyin və vətəndaş həmrəyliyinin müasir çağırışlara uyğun
formalaşmasında əsas rol oynayır.
Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə verdiyi
önəm heç də təsadüfi deyildi. Ulu öndər dəfələrlə vurğulayırdı ki, “Təhsil hər
bir xalqın gələcəyidir”. Bu yanaşma onun dövlətçilik fəlsəfəsinin, xüsusilə
insan kapitalının formalaşdırılması istiqamətində baxışlarının təməl prinsiplərindən
birini təşkil edirdi. Ulu öndərin rəhbərliyi ilə təhsil sahəsi müstəqil Azərbaycanın
inkişaf strategiyasında əsas prioritet istiqamətlərdən birinə çevrildi. O,
yaxşı anlayırdı ki, savadlı, milli ruhda tərbiyə olunmuş, dünyagörüşü geniş gənclər
olmadan müasir dövlət qurmaq mümkün deyil. Bu səbəbdən də təhsilin inkişafı
üçün sistemli və ardıcıl islahatlar həyata keçirildi. Ümummilli Liderin təşəbbüsü
ilə müstəqillik dövründə təhsil sisteminin beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Təhsil sahəsində
hüquqi-normativ baza yeniləndi, təhsilin məzmunu və idarəetmə strukturları təkmilləşdirildi.
Ali təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi, müasir
laboratoriyalar və informasiya texnologiyaları ilə təminat artırıldı. O, təhsilin
keyfiyyətini yüksəltmək üçün dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə
xüsusi önəm verirdi. Gənclərin xarici ölkələrdə təhsil almaları üçün imkanların
yaradılması da məhz ümummilli liderin strateji baxışlarının bir hissəsi idi. Bu
məqsədlə müxtəlif beynəlxalq proqramlara qoşulmaqla yanaşı, dövlət səviyyəsində
müvafiq mexanizmlər işə salındı və ilk dəfə sistemli xaricdə təhsil siyasətinin
əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə bu diqqəti, əslində,
ölkənin gələcəyinə, milli təhlükəsizliyə, sosial inkişaf və iqtisadi modernləşməyə
olan strateji baxışının təzahürü idi. Onun müəyyən etdiyi bu kurs bu gün də
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan təhsil
sistemi dayanıqlı inkişaf yolunda irəliləyir.
Ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində
apardığı siyasət milli-mənəvi dəyərlərə əsaslanaraq xalqın mənəvi intibahını hədəfləyirdi.
O, Azərbaycan mədəniyyətini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi
müəyyənləşdirmişdi. Ulu öndərin təşəbbüsü ilə musiqi, ədəbiyyat, teatr və təsviri
sənət sahələrinə xüsusi diqqət göstərildi. Azərbaycanın zəngin mədəni irsi –
muğamı, klassik musiqisi, poeziyası və incəsənəti dünya miqyasında tanıdıldı.
Milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün mühüm
institusional islahatlar həyata keçirildi. Heydər Əliyev azərbaycançılıq
ideologiyasını yalnız siyasi doktrina kimi deyil, milli birlik fəlsəfəsi kimi təqdim
edirdi. Bu ideya cəmiyyətin bütün təbəqələrini birləşdirən ortaq dəyərə
çevrildi. Müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşların birliyini təmin
edən bu fəlsəfə milli dövlətçiliyin ideoloji əsasını təşkil etdi. Ulu öndərin
müəyyən etdiyi bu yol bu gün də davam etdirilir. Azərbaycançılıq ideyası hələ də
milli həmrəyliyimizin əsas sütunu kimi öz aktuallığını saxlayır.
Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və
uzaqgörənliyi onun həyatının bütün mərhələlərində özünü göstərmişdir. Bu
müdrikliyin ən bariz təzahürlərindən biri isə Azərbaycan dövlətçiliyinin
davamlılığını təmin edəcək liderin – Prezident cənab İlham Əliyevin siyasi
varisliyini vaxtında və strateji uzaqgörənliklə müəyyən etməsi oldu. Ulu öndər
çox yaxşı bilirdi ki, dövlətin gələcəyi, milli maraqların qorunması və xalqın
rifahı yalnız davamlı, ardıcıl və prinsipial siyasi kursla mümkün ola bilər. Məhz
bu baxış bucağından Heydər Əliyev özündən sonra Azərbaycan xalqını etibarlı əllərə
əmanət etdi. O, İlham Əliyevin intellektinə, siyasi hazırlığına, beynəlxalq təcrübəsinə
və vətənpərvərliyinə dərindən bələd idi və əmin idi ki, bu lider onun
ideyalarını yaşadacaq, onları yeni dövrün tələblərinə uyğun inkişaf etdirəcək. 2003-cü
ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin siyasi
kursu uğurla davam etdirilir. Bu kursun əsas mahiyyəti xalqın maraqlarına söykənən
müstəqil daxili və xarici siyasət, güclü dövlət və modern iqtisadiyyatın
qurulması, xalq-iqtidar birliyinin qorunması və milli maraqların hər şeydən
üstün tutulmasıdır. Son 21 ildə Azərbaycan regionun aparıcı siyasi güclərindən
birinə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi baxımdan dinamik
inkişaf etmiş, iri infrastruktur layihələri həyata keçirilmiş, sosial rifah
yüksəlmiş və hərbi güc baxımından regionun lider dövlətinə çevrilmişdir. Eyni
zamanda, diplomatik sahədə balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasət
yürüdülmüş, Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan
xalqı bu gün də ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətini qoruyur və bu
ideyaların Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə həyata keçirilməsini
böyük ruh yüksəkliyi ilə dəstəkləyir. Müasir dövrün çağırışlarına cavab verən,
milli maraqlara əsaslanan və xalqın rifahına xidmət edən bu siyasi kursun nəticəsində
Azərbaycan 2020-ci ildə tarixinin ən şanlı səhifəsini – Vətən müharibəsində əldə
olunan Zəfəri yazdı. Məhz bu uzaqgörən liderlik irsi, illərlə təməli qoyulan
güclü dövlət idarəçiliyi, milli ruh, xalq-iqtidar birliyi və möhkəm ordu
quruculuğu nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. 2023-cü ildə
Xankəndi də daxil olmaqla ölkənin tam suverenliyinin bərpası ulu öndərin
ideyalarının praktik nəticəsidir. Bu Zəfərin təməlində Heydər Əliyev siyasəti –
milli maraqlara söykənən, müstəqilliyi əbədi və dönməz edən uzaqgörən strateji
yanaşma dayanır. Azərbaycanın bu tarixi yüksəlişi təsadüf deyil, düşünülmüş,
ardıcıl və xalqın iradəsinə əsaslanan milli liderliyin təntənəsidir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə bu siyasi yol daha da möhkəmlənir, yeni hədəflər
müəyyən olunur və ölkəmiz qarşıdakı dövrlərdə daha böyük uğurlara imza atmağa
hazır vəziyyətdədir. Bu gün Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda
söz sahibi olan bir dövlətdir və bu uğurların kökündə ulu öndərin qoyduğu möhkəm
təməl dayanır.
Nəticə etibarilə, müasir Azərbaycan dövləti ulu öndər
Heydər Əliyevin siyasi iradəsinin, intellektual potensialının və xalqına olan
sonsuz sevgisinin bəhrəsidir. Onun həyat yolu, dövlətçilik təfəkkürü və xidmətləri
yalnız Azərbaycanın deyil, bütün regionun tarixində dərin iz buraxmışdır. Bu
gün müstəqil Azərbaycan dövləti onun yaratdığı siyasi, hüquqi və ideoloji
platforma üzərində inkişaf edir və gələcəyə inamla irəliləyir. Ulu Öndər Heydər
Əliyev təkcə bir dövrün lideri deyil, zamanlar üstü bir şəxsiyyət, Azərbaycan
dövlətçiliyinin əbədi rəmzidir. Bu gün Azərbaycan dünya miqyasında sabit, güclü
və müstəqil dövlət kimi qəbul edilirsə, bu, ilk növbədə ümummilli liderin
uzaqgörən siyasəti, xalqına və dövlətinə sonsuz sevgisi sayəsində mümkün
olmuşdur. Onun irsi yaşayır, yaşadılır və yeni nəsillərə örnək kimi təqdim
olunur.
Bəxtiyar
Nəbiyev
YAP Yasamal
rayon təşkilatının sədri