Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Manset.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Hörmətli Sergey Viktoroviç, sizi yenidən görməyə şadam. Azərbaycana xoş gəlmisiniz. Yaxşı bir ənənədir ki, artıq illər boyu biz sizi qəbul edirik. Bizim nazir də mütəmadi surətdə sizin ölkədə olur. Sizin səfəriniz ötən il fevralın 22-də Moskvada imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında çox əlamətdar və mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib. Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir.
Deməliyəm ki, ötən il münasibətlərimizin çox dinamik xarakteri ilə əlamətdar olub. Prezidentlər səviyyəsində bir neçə görüş olub, həmçinin siz Azərbaycana, həmkarınız isə Rusiyaya səfər edib. Ölkələrimizin hökumətlərinin və parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri olub, digər rəsmi şəxslərin səfərləri də. Bunlar onu göstərir ki, münasibətlərimiz tamdəyərli şəkildə inkişaf edir, çox mühüm məsələlər həll olunur və düşünürəm ki, biz bu ilə yaxşı təməl ilə qədəm qoyuruq. İlin əvvəlində bizə səfər etməyiniz də bu il qarşılıqlı fəaliyyətimizə xüsusi dinamika verəcək.
Bizi birləşdirən fəaliyyət sahələrini sadalamağa başlasaq, yəqin ki, çox vaxt tələb olunacaq. Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar. Lakin bu da diqqətimizdən kənarda qalmır. Buna görə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik.
Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimizin vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur. Buna parlaq sübut odur ki, mənə bu gün təqdim edilən informasiyaya görə, hər həftə Rusiya və Azərbaycan aviadaşıyıcıları 135 reys yerinə yetirir. Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər.
Əlbəttə, bu gün biz regional təhlükəsizliklə bağlı məsələlər haqqında da danışacağıq. Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik.
Əlbəttə, bizim münasibətlərimizin və bugünkü danışıqlarımızın gündəliyi mənim haqqında danışdığım istiqamətlərlə məhdudlaşmır. Buna görə gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Əminəm ki, səfərin nəticələri həmişəki kimi müsbət olacaq. Bir daha xoş gəlmisiniz.
***21:22
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Manset.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
***20:14
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü başlayıb.
Manset.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.