Babək rayonunda kənd təsərrüfatı sahəsində suvarma
problemlərinin aradan qaldırılması və su ehtiyatlarından daha səmərəli istifadə
olunması məqsədilə müasir suvarma texnologiyalarının tətbiqi genişləndirilir.
Manset.az xəbər verir ki, hazırda rayon ərazisində 101 kilometr uzunluğunda
beton, 152 kilometr torpaq kanal və 149 kilometr qapalı suvarma sistemi
mövcuddur. Damcı və çiləmə üsulları kimi suya qənaət edən texnologiyalardan
istifadə isə aşağı səviyyədədir.
Bu barədə Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi “Səmərəli su, güclü kənd təsərrüfatı”
layihəsi çərçivəsində Babək Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə
məlumat verilib.
Tədbirdə bildirilib ki, Babək rayonu kənd
təsərrüfatı baxımından böyük potensiala malikdir. Bu potensialdan tam istifadə
etmək üçün suvarma sistemlərinin müasir tələblərə uyğunlaşdırılması zəruri
sayılır.Qeyd olunub ki, rayon ərazisində ümumilikdə 31 min hektara yaxın kənd
təsərrüfatına yararlı torpaq sahəsi var və bu sahələrin 14 min 486 hektarı
suvarılan ərazilərdir.
Qeyd olunub ki, qarşıya qoyulan hədəflərə nail
olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən muxtar respublikaya
müasir suvarma avadanlıqları gətiriləcək və bu avadanlıqlar fermerlərə güzəştli
şərtlərlə təqdim olunacaq. Mexanizmə əsasən, yerli istehsal olan suvarma
sistemlərinin maya dəyərinin 60 faizi, xarici istehsal sistemləri üçün isə 40
faizi dövlət tərəfindən qarşılanacaq. Fermerlər ümumi məbləğin yalnız 20
faizini ilkin ödəniş kimi verəcək, qalan məbləği isə aylıq hissələrlə geri
qaytarmaq imkanı əldə edəcəklər.
Bu təşəbbüs su ehtiyatlarına qənaət edilməsinə və kənd təsərrüfatında məhsuldarlığın
artırılmasına mühüm töhfə verəcək.
Tədbir çərçivəsində müasir suvarma sistemlərinin
üstünlüklərindən bəhs edən videomaterial nümayiş olunub, mütəxəssislər
tərəfindən bu texnologiyaların ənənəvi suvarma üsulları ilə müqayisəli təhlili
aparılıb. Eyni zamanda iştirakçılarla birgə müzakirələr keçirilib, fermerlərin
təklif və tövsiyələri dinlənilib.