Baş redaktorlar MEDİA-nın 56 subyektlə növbəti 6 ay üçün əməkdaşlıq qərarını dəyərləndirir...

18:36 - 15 Dekabr 2023

Baş redaktorlar MEDİA-nın 56 subyektlə növbəti 6 ay üçün əməkdaşlıq qərarını dəyərləndirir...

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinin inkişafı, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müsabiqə təşkil edib. 

Müsabiqənin nəticələri artıq bəllidir: 39 onlayn, 17 çap media subyektinə maliyyə yardımı ayrılıb.

Manset.az xəbər verir ki, çap və onlayn mediaya göstərilən dəstəklə bağlı Bakı-xeber.com media kapitanlarının mövqeyini öyrənib.

Ozal Məmmədov: “MEDİA-nın çap və onlayn media subyektlərinə göstərdiyi dəstək gələcəkdə özünün müsbət nəticələrini verəcək” 

"Sfera.az" xəbər portalının baş redaktoru Ozal Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda inkişaf etməkdə olan media subyektlərinə dövlət dəstəyi bu sahədəki inkişafı sürətləndirən amildir: “İstər maddi-texniki bazanın formalaşdırılması, istərsə də optimal yaradıcılıq mühitinin yaradılması baxımından bu dəstəyin rolu əvəzedilməzdir. Düşünürəm ki, MEDİA-nın çap və onlayn media subyektlərinə göstərdiyi dəstək gələcəkdə özünün müsbət nəticələrini verəcək, ümumilikdə Azərbaycan mediasının inkişifına təkan olacaq”.

Şakir Ağayev: “Bu gün məlum yardımın göstərilməsi çap mediasının yaşamasına səbəb olur”

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Medianın İnkişafı Agentliyi ənənəvi olaraq çap və onlayn mediaya növbəti 6 ay üçün layihənin nəticələri açıqlayıb: “Bu, mediaya göstərilən xüsusi diqqət və qayğıdır. Müasir dövrdə çap və onlayn medianın məlum dəstəyə ehtiyacı var idi. Məlumdur ki, indi reklam bazarı demək olar yox səviyyəsindədir. Belə bir vəziyyətdə medianın özü-özünü təmin etməsi olduqca ağır olardı. Bu ənənənin davam etməsi çap və onlayn medianın inkişafına səbəb olur”.

Ş.Ağayev xüsusi olaraq qeyd etdi ki, hazırda çap mediasının durumu ürəkaçan səviyyədə deyil: “Qəzetlərin yaşaması üçün məlum köməyə ehtiyac var idi. Bu gün məlum yardımın göstərilməsi çap mediasının yaşamasına səbəb olur. Bu, dövlətin qayğısıdır”.

Vasif Həsənli: “Qalib gələn KİV-lərin siyahısına baxanda da görmək olur ki, müsabiqədə ədalətli bölgü, şəffaflıq və obyektiv yanaşma prinsipləri əsas götürülüb” 

Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli bizimlə söhbətində bunları dedi: “Ötən gün Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Nəticələr Agentliyin fəaliyyətə başladığı dövrdən etibarən əsas götürdüyü prinsiplərə sadiq qaldığını deməyə əsas verir. Qalib gələn KİV-lərin siyahısına baxanda da görmək olur ki, müsabiqədə ədalətli bölgü, şəffaflıq və obyektiv yanaşma prinsipləri əsas götürülüb. Müsabiqənin nəticələri məhz bu prinsipləri özündə ehtiva edir. Qaliblərin siyahısına nəzər yetirdikdə daha çox yeni media subyektlərinə rast gəlmək olur. Təbii ki, Azərbaycanda media subyektlərinin sayı yüzlərlədir və bunlar arasında diqqətçəkənlər əsasən media holdinqləri olub, hətta oliqarxlaşmışları belə var. Bu vəziyyətdə yeni və peşəkar media subyektləri həmişə maliyyə çətinliyi ilə üzləşib, bir çoxu bağlanmaq məcburiyyətində qalıb, bir çoxu uzun müddət məhdud imkanlarla fəaliyyətini davam etdirib. Media Agentliyi məhz bu ədalətsiz mənzərəni aradan qaldırdı. Onsuz da kifayət qədər maliyyə imkanı olan holdinqlərdən daha çox, məhdud imkanları olan media subyektlərinə üstünlük verilir ki, bu da həm medianın rəngarəngliyinin, müxtəlifliyinin genişlənməsinə, həm də yeni medianın fəaliyyətinin stimullaşdırılmasına səbəb olur. Ədalət naminə deyək ki, MEDİA agentliyi yarandığı ilk gündən bu prinsiplə fəaliyyət göstərir. Budəfəki müsabiqənin nəticələri də bunu növbəti dəfə ortaya qoydu.

Bilirsiniz ki, qaliblər arasında Demokrat.az xəbər saytı da var. Buna görə, ələlxüsus da yeni media subyektlərinə yaradılan imkanlara görə dövlətimizə təşəkkür edirik. İnanıram ki, bu dəstək mediamızın daha da inkişafı və peşəkar fəaliyyəti baxımından böyük stimuldur. Başda "Bakı-Xəbər" qəzetinin kollektivi olmaqla, qaliblər arasında olan digər həmkarlarımızı da təbrik edirəm”. 

Famil Fərhadoğlu: “MEDİA-nın məlum dəstəyi Azərbaycanda söz azadlığı və mətbuata göstərilən diqqətin nümunəsi kimi dəyərləndirilməlidir” 

Manset.az Xəbər Portalının rəhbəri Famil Fərhadoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Medianın İnkişafı Agentliyinin çap və onlayn media subyektlərinə dəstəyi yüksək qiymətləndirilməlidir: “Müsabiqədə qalib olan qəzet və ya saytlar bu dəstəyi medianın inkişafına göstərilən qiymət kimi dəyərləndirir. Müsabiqənin nəticələri tam olaraq şəffafdır. Məlum dəstəkdən yararlanan media qurumları öz işlərini daha peşəkar şəkildə qurur. Həmçinin, bu dəstək işçilərin sosial vəziyyətinin yaxşılaşmasına da səbəb olur”.

F.Fərhadoğlu onu da əlavə etdi ki, müsabiqədə qalib olan media subyektlərinin göstəriciləri Google Analitks vasitəsilə nəzərə alınır. Eyni zamanda, məqalələrin keyfiyyəti də nəzərə alınır. Onu da deyim ki, MEDİA-nın məlum dəstəyi Azərbaycanda söz azadlığı və mətbuata göstərilən diqqətin nümunəsi kimi dəyərləndirilməlidir”.

Aqil Camal: “Ölkənin milli və dövlət maraqlarını müdafiə edən yerli medianın bu şəraitdə ayaqda durması və fəaliyyətini gücləndirməsi vacibdir” 

“Turkustan” Media Qrupunun baş redaktoru Aqil Camal “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Medianın İnkişafı Agentliyinin çap və onlayn media üçün növbəti maliyyə dəstəyi haqda qərarı müstəqil media subyektlərinin öz fəaliyyətini davam etdirə bilməsi və fəaliyyətin təkmilləşdirməsi baxımından olduqca əhəmiyyətlidir: “Açıq söyləmək lazımdır ki, bu gün MEDİA-nın dəstəyi əksər media subyektləri üçün əsas qaynaqdır. Nəzərə almaq lazımdır ki, media nə qədər reklam bazarına can atsa da, bu sahədə özünü göstərən müəyyən prinsiplər müstəqil medianın qarşısında maneə olaraq qalır. 

Müstəqil medianın dəstəklənməsi həm də milli və qlobal təhlükəsizlik baxımından bu gün əhəmiyyət kəsb edir. 44 günlük müharibədə əldə etdiyimiz Zəfərdən, xüsusilə məlum antiterror əməliyyatından və Azərbaycanın öz suverenliyini, ərazi bütövlüyünü bərpa etməsindən sonra ölkəmizə qarşı total təzyiq, təhdid kampaniyası aparılır. Bu məsələdə kütləvi informasiya resurslarından geniş istifadə olunur. Ölkənin milli və dövlət maraqlarını müdafiə edən yerli medianın bu şəraitdə ayaqda durması və fəaliyyətini gücləndirməsi vacibdir.

Budəfəki müsabiqə nəticələri ilə bağlı bir nüansı da qeyd edim. Adətən, hər dəfə müsabiqə nəticələri açıqlananda müəyyən narazılıqlar, müxtəlif fikirlər olurdu. Amma budəfəki açıqlamadan sonra belə reaksiyalar hiss olunmadı. Bu da ondan irəli gəlir ki, Media reyestri bu sahədə müəyyən tənzimləmələr yarada bilib. Media reyesrtinin qaydalarından irəli gələn tələbləri yerinə yetirə bilməyən iddiaçı subyektlər artıq reallıqla barışırlar”.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin