Yeni qanun pensiyaçılara nə vəd edir? - Ekspert üstünlüklərdən danışdı

15:12 - 16 Dekabr 2022

Yeni qanun pensiyaçılara nə vəd edir? - Ekspert üstünlüklərdən danışdı

Yeni ildən etibarən pensiyaçıların üzünü güldürəcək yeni qanun qüvvəyə minir.

Prezident İlham Əliyevin təsdiq etdiyi qanun - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır.

Bəs görəsən yeni qaydalar pensiya alanlara nə vəd edir? Bundan sonra kimlərin təqaüdü hər il indeksləşdiriləcək?

Manset.az xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, qanunvericiliyə edilən dəyişikliklərlə bundan sonra xüsusi şərtlərlə pensiyaya çıxanların təqaüdləri hər ilin başlanğıcında indeksləşdiriləcək:

"Hansı ki, əvvəllər bu indeksləşdirmə aparılmırdı və onların təqaüdü yanız o halda artırdı ki, çalışdıqları fəaliyyət sahəsində əməkhaqqıların artımıyla bağlı qərar qəbul olunsun. Hökumətin təqdim etdiyi qərarlardan belə qənaətə gəlmək olar ki, bu günə qədər indeskləşdirmə səviyyəsindən əldə edilən artım xüsusi şərtlərlə pensiyaya çıxanların pensiyalarına edilən artımdan daha yüksəkdir".

İqtisadçının sözlərinə görə, əvvəllər pensiya artımı məsələsində bir qədər qeyri-müəyyənlik var idi:

"İqtisadiyyatda "gözləmək nəzəriyyəsi" anlayışı var. Bu da insanlarının davranışına, planlamasına, qərar qəbul etməsinə təsir göstərir. Xüsusi şərtlərlə pensiyaya çıxanlar gözləyə bilmirdilər. Çünki, bilinmirdi ki, hökumət nə vaxt onların çalışdığı sahələrdə əmək haqqının artımı ilə bağlı qərar qəbul edəcək. Bu bəzən 4, bəzənsə 5 il çəkirdi. Yeni mexanizmin üstünlüyü ondan ibarətdir ki, bu, şəsin müvafiq sosial gözləntilərlə bağlı qərar qəbul etməsini və davranışlarını asanlaşdıracaq. İnsanlar biləcəklər ki, təxminən gələn il yanvar ayında pensiyaları nə qədər artacaq. Hər ay orta aylıq əməkhaqqı səviyyəsi açıqlanır. Bunu mətbuatdan izləməklə insanlar öz təqaüdlərinin artımını hesablaya biləcəklər. Məhsullarda qiymət artımı hər gün, hər ay baş verir. İnsanların pensiyası isə 4 ildən bir artır. Yeni qayda isə vətəndaşların müvafiq problemini qismən də olsa həll edəcək.
Bundan sonra həmin şəxslərin pensiyasının indeksləşdirməsi onların pensiyasına əlavə olaraq hesablanmış 10% nəzərə alınaraq aparılacaq. Nümunə üçün deyək ki, 10% əlavə təxminən 40 manat idisə, bu 40 manat artıq gələn il 46 manat olaraq hesablanacaq".

Ekspert deyir ki, yanvarın 1-də qüvvəyə minəcək qaydada yeni bir dəyişiklik də, əmək pensiyası alan şəxslərə verilən 200 manat maddi yardımın indeksləşdiriləcəyidir:

"2022-ci ilin fevralında əmək pensiyası alan şəxslərə 200 manat maddi yardım verilməsi ilə bağlı qəbul edilən qərarda göstərilən tapşırığın icrası məsələsidir. Bununla bağlı nazirlər kabinetinə tapşırıq verilirdi ki, gedin bu məsələni 2023-cü ildən sonra pensiyaların əsas hissəsinin əks olunması mexanizmini formalaşdırın. Hökumət 2023-cü ilin indeksləşdirilməsini apararkən 200 manatı əvvəlki kimi rüblik 50 manat deyil, aylıq 16 manat 70 qəpik məbləğində götürməklə insanların aldığı pensiyanın strukturuna daxil edir. Beləcə təqaüdçünün pensiyası növbəti ildə indeskləşdiriləndə 240 manat deyil, 256 manat 70 qəpiyə indeksləşdiriləcək. Bu zaman ehtimal edilən artım bir qədər də əlavə ilə hesablanacaq".


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin