İlham Əliyevə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məktublar gəlməkdə davam edir

21:08 - 19 May 2023

İlham Əliyevə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məktublar gəlməkdə davam edir

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Prezident İlham Əliyevə məktub göndərib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:

"BMT-nin Sivilizasiyalar Alyansı və komandası adından Azərbaycan xalqını Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi tərəfindən Nyu-Yorkda Zati-aliləri Heydər Əliyevin xatirəsinə həsr olunmuş yaddaqalan mərasimdə iştirak etmək şərəfinə nail oldum. Mən bir daha əmin oldum ki, Azərbaycanı inkişaf yoluna çıxaran, ölkənin davamlı iqtisadi və sosial tərəqqisinin möhkəm təməlini qoyan müdrik və uzaqgörən Lider Heydər Əliyevin xidmətləri öz xalqı və onu tanıyanlar tərəfindən hər zaman ehtiramla xatırlanacaqdır.

Bu fürsətdən istifadə edərək, BMT-nin Sivilizasiyalar Alyansının Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlığından məmnunluğumu bildirirəm.

Uzun illər ərzində biz Azərbaycanla mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə səmərəli əlaqələri qoruyub inkişaf etdirmişik. Əminəm ki, bu əlaqələr daha da dərinləşəcəkdir".

XXX

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri müfti İsmayıl-Hacı Berdiyev Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Manset.az Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:

"Bu bahar günlərində Azərbaycan xalqı minnətdarlıq hissi ilə əlamətdar tarixi - böyük şöhrətə malik dövlət xadimi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edir.

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzi Qafqaz respublikalarının müftilərinin şəxsində azərbaycanlıların müqəddəs hisslərini tam dəstəkləyərək, XX əsrin görkəmli siyasi xadimi, Azərbaycan Respublikasının sabiq Prezidentinin şəxsiyyətinə dərin ehtiramını ifadə edir.

Biz, yaşlı nəslin nümayəndələri Heydər Əliyevin Sovet İttifaqının sənaye bazasının inkişafı prosesində xidmətlərini və töhfələrini çox yaxşı xatırlayırıq. Güclü dövlətin fəlakətini və keçmiş sovet respublikalarında keçid dövrünün problemlərini xatırlayırıq. Sosialist sisteminin süqutu dövrü məhdud dünyagörüşlü və savadsız siyasətbazları hərəkətə gətirdi. Vətəndaş qarşıdurması dövrlərində öz xalqı Heydər Əlirza oğluna müraciət etdi və o, dövlət strukturlarının dağıldığı ağır şəraitdə parçalanmanı dayandırdı, xalqı öz ətrafında birləşdirdi. Onun yüksək istedadı və siyasi müdrikliyi sayəsində Azərbaycan müstəqillik əldə etdikdən sonra ayaqda dura bildi və dünya birliyi dövlətləri arasında özünün layiqli yerini tutdu.

Heydər Əliyevin sülhsevərliyi, insanpərvərliyi öz xalqına dərin ehtiramı respublikada ona ümumxalq sevgisi və böyük nüfuz qazandırdı.

Uca Allaha dua edirik ki, Azərbaycan xalqına rifah və mərhəmət bəxş etsin.

Cənab Prezident, Sizə daha çox güc və dəyanət, Azərbaycan dövlətinə sülh və tərəqqi arzulayırıq".


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin